4 dekabr 2021-ci il
4 dekabr 2021-ci il tarixində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının professor, müəllim və tələbə heyəti ilə Görüş-konsert keçirilmişdir.
Qeyd etmək lazımdır ki, BMA-nın 100 illik yubileyi çərçivəsində Azərbaycan, həmçinin xarici ölkələrin universitetləri ilə tez-tez Görüş-konsertlər keçirilir. Konsertdə dirijor Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edirdi.
İlk öncə çıxış üçün səhnəyə Azərbaycanın Xalq artisti, professor Zəhra Quliyeva dəvət olundu. Tədbirə təşrif buyuran bütün qonaqları salamlayan Z.Quliyeva bu il 100 illik şanlı yubileyini qeyd edən Bakı Musiqi Akademiyasının yaranma tarixi, inkişaf yolu və bu müqəddəs ocağın yetişdirdiyi istedadlı musiqiçilərdən bəhs etdi.
Konsert proqramına O.Zülfüqarovun "Şənlən mənim xalqım" Uvertürası ilə başlanıldı.
Sonra solistlər Əməkdar artistlər Səbinə Əsədova, İlham Nəzərovun ifasında F.Bədəlbəylinin "Ave Maria", Əməkdar artist Sahib Paşazadənin ifasında V.Adıgözəlovun "Qərənfil" və Q.Qarayevin "Don Kixot" qravürlərindən "Kavalkada" əsərləri səsləndirildi.
Ardınca dinləyicilərə Azərbaycanın Xalq artistləri Yeganə Axundova və Murad Hüseynov T.Quliyevin "Ləzginka" əsəri ilə tamaşaçıların könlünü oxşadılar.
Konsert proqramının davamında Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə görkəmli rus bəstəkarı S.Raxmaninovun iki fortepiano və simfonik orkestr üçün 2 saylı süitasını (işləməsi A.Varnberq; III, IV hissələr), Əməkdar artist İlham Nəzərov F.Hendelin "Rinaldo" operasından ariyanı dinləyicilərə təqdim etdilər.
Görüş-konsert F.Əmirovun "Azərbaycan kapriççiosu"nun sədaları altında başa çatdı.
Qeyd edək ki, konsert dinləyicilərin böyük rəğbətini qazanaraq, gurultulu alqış sədaları altında başa çatdı.